“VAZ”-la “Qazel” toqquşdu
Ölən və yaralananlar var
16 May 2013 13:56 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Natiq Ağaoğlan oğlu Vahidi və 3 nəfər sərnişini hadisə yerində vəfat edib, digər avtomobildə olan sürücü və sərnişin xəsarət alıb. Xilasedicilər hadisə yerinə çatana kimi minik avtomobilində olan 3 nəfərin meyiti, yük avtomobilində olan sürücü və sərnişin vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılıblar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə "VAZ" markalı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sürücü N.Vahidinin meyitini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.