Rüşvət alan polisin başı sığallandı

Cəzası bir il yüngülləşdi

Bakı Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Toğrul Hüseynovun cəzasından 1 il çıxıb və onun barəsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib.
İttihama görə, 2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən tutulub. O, Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan Toğrul Hüseynov apelyasiya şikayəti verib və cəzasının yüngülləşdirilməsini xahiş edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31