Yasamaldakı dəhşətli yanğınla bağlı cinayət işi başlandı
13 May 2013 16:06 KriminalYasamal rayonunda baş verən dəhşətli yanğın hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Qurumun mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumatda bildirilir ki, mayın 9-da saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış evində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Mühafizə Xidmətinin və Yasamal rayon prokurorluğu Məməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, yanğın Yasamal rayonu Z.Adıgözəlov küçəsində yerləşən 2 mərtəbəli yaşayış evinin 2-ci mərtəbəsindəki 2 ədəd 2 otaqlı mənzildə baş verib və yanğın nəticəsində hər iki mənzilin cəmi 94 kv.metr ərazisi yanıb.
Hadisə yerinə baxış zamanı mənzillərin birindən kirayənişin yaşayan 1949-cu il təvəllüdlü Valentina Korolyova və onun nəvəsi 2010-cu il təvəllüdlü Rauf Əhmədovun meyitləri aşkar edilib. Digər mənzildə aşkar edilmiş, yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri almış və tüstüdən zəhərlənmiş 2000-ci il təvəllüdlü Səbinə Baladadaşova, 1992-ci il təvəllüdlü Elvin Bayramov və 1959-cu il təvəllüdlü Seyfulla Hüseynov isə dərhal xəstəxanaya aparılıblar.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.