Azərbaycanda 1 ton narkotik aşkarlandı
Balakən polisi əməliyyat keçirib
10 May 2013 16:58 KriminalBalakən rayon polis şöbəsinin apardığı əməliyyat axtarış tədbirləri nəticəsində rayonun Talalar kəndi ərazisində aqrotexniki qulluq edilmiş kətənə bitkisi aşkarlanıb. Faktla bağlı məlumat verən Əməliyyat İstintaq Bölməsinin rəisi Hidayət Fərzəliyev əkilmiş bitkilərlə yanaşı çox sayda cücərdilmiş şitilin də ələ keçirildiyini bildirib.
"Şabanov Bəhruz Ramiz oğluna məxsus pay torpaq sahəsinə baxış keçirərkən həmin torpaq sahəsində 9 ədəd kustar üsulla düzəldilmiş istixanada yaş halda hazır çəkisi 800 kq olan 869 ədəd tərkibində narkotik maddə olan kətənə bitkisinin şitillərini və həmin kətənə bitkisindən qurudulması üçün yığılmış 4 kq-a yaxın narkotik tərkibli maddə, eyni zamanda yetişdirilib cücərdilmiş vəziyyətdə olan 432 ədəd kətənə bitkisi ştilləri aşkar edilib", - deyə Əməliyyat İstintaq Bölməsinin rəisi bildirib.
Narkotik bitkiləri əkdiyi sahəni qorumaq üçün itlərdən də istifadə edən Bəhruz Şabanov həmin bitkini vaxtından əvvəl yetişdirmək üçün bu zona üçün xarakterik olmayan toxum növü də əldə edib. "Onun hansı növə aid olmasını aid etmək üçün ekspertiza təyin etmişik. Məhkəmə tibbi bioloji ekspertizası onun hansı növə aid olduğunu müəyyənləşdirəcək. Hər halda bu yerli növ deyil, tez yetişdirilən narkotik tərkibli kətənə bitkisi növünə aiddir. İndiki vəziyyətdə aşkar olunan kətənə bitkilərinin boyu 10 sm.dən 80-cm.-ə qədərdir, indiyə qədər belə hal müşahidə olunmamışdı", - deyə Hidayət Fərzəliyev qeyd edib.
Bəhruz Şabanov narkotik bitkilərin satışından əldə etdiyi gəlirlə özünə ev tikmək arzusundaymış. O yetişdirdiyi narkotik bitkidən həm özünün istifadəsi, həm də satış məqsədi güddüyünü deyib. "Fikirləşmədim, elə özümün beynimə girdi. Özüm əkmişdim, özüm üçün. Evim eşiyim yox idi, dedim bəlkə bir ev alaram".
İstintaq bölməsinin rəisi onu da qeyd edib ki, cinayətin birbaşa icraçısı olan Bəhruz Şabanovun həmin cinayətdə əlaqəsi olduğu digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat istintaq tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb.
Polis əməkdaşları son iki gün ərzində küllü miqdarda - 1200 kq narkotik tərkibli bitki olan yaşıl kütlə halında marixuana aşkarlandığını bildirib.