DİN Bakıda qatarla yük maşınının toqquşması ilə bağlı məlumat yaydı
8 May 2013 16:02 KriminalDaxili İşlər Nazirliyi Bakıda qatarla yük maşınının toqquşması barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, mayın 7-də saat 22.55 radələrində Zabrat-Pirşağı yolunun 29-cu km-də qorunmayan keçiddə Samux rayon sakini Habil Quliyev idarə etdiyi "Shacman" markalı avtomaşını Bakı-Moskva sərnişin qatarına vurub. Nəticədə xəsarət almış H.Quliyev, habelə maşinist Tofiq Dünyamalıyev, maşinist köməkçisi Şəmsəddin Babayev və vaqon bələdçisi, Rusiya Federasiyası vətəndaşı Aleksandr Qusev xəstəxanaya yerləşdiriliblər. H.Quliyevin, T.Dünyamalıyevin, Ş.Babayevin vəziyyətləri qənaətbəxş, A.Qusevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Qatarların hərəkəti mayın 8-də saat 02.15 radələrində bərpa olunub. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.