Bakıda polisi döydülər VIDEO

Minval.az saytının redaksiyasına vətəndaşla yol polisi arasında davanın əks olunduğu video daxil olub. Lent.az-ın adıgedən sayta istinadən verdiyi xəbərə görə, hadisə bir neçə gün əvvəl Bakının mərkəzində, Kukla teatrının qarşısında baş verib.

Videodan görünür ki, taksiyə əyləşən yol polisi əməkdaşı maşını cərimə meydançasına aparmaq istəyir. Avtomobilə yaxınlaşan gənc oğlan yol polisini yola gətirmək istəyir. Lakin polis əməkdaşı mobil telefonla onun sifətinə vurur. Gənc oğlan isə bunu cavabsız qoymur və polis əməkdaşına bir neçə zərbə endirir. Özünü itirən polis əməkdaşı tamam başqa adamın dalınca qaçır. Kadrlardan da görünür ki, bu, fərqli gəncdir. Buna baxmayaraq, polis əməkdaşı onu yerə yıxır və döyməyə başlayır.

Oğlan birtəhər ayağa qalxsa da, polis əməkdaşı onun kəmərindən yapışır və ratsiya ilə kiməsə məlumat verir. Polis əməkdaşının əlinə keçən gənc izah etməyə çalışır ki, heç bir günahı yoxdur. Bunun da fayda vermədiyini görən oğlan sakitcə kəmərini açır və qaçmağa başlayır. Kəmər isə polis əməkdaşının əlində qalır. Ətrafa toplaşanlar isə oğlana "Qaç, qaqaş, qaç" deməklə və alqışlarla dəstək verirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31