Bakıda unudulmayan sevgi və gənc tələbənin sifarişli qətli
Bakı şəhərində əcnəbi tələbənin qətli ətrafında qaranlıq məqamlar ortaya çıxıb
7 May 2013 17:32 KriminalMili.Az-ın məlumatına görə, Baş Prokurorluğun Qərb Universitetinin 2-ci kurs tələbəsi Vüsal Şilderin sifarişlə qətlə yetirilməsi ilə bağlı açıqlaması gəncin kimin sifarişi ilə öldürülməsi sualını yaradıb. V.Şilderin ölümü ilə bağlı suallara cavab axtarmaq üçün onun oxuduğu Qərb Universitetinə baş çəkib tələbə və müəlimlərlə söhbətləşdik. Universitetin girişində və Vüsalın oxuduğu Qərb dilləri fakültəsində xatirə lövhəsi qoyulması, tələbələrin mərhumun şəklinin ətrafında öz ürək sözlərini, kövrək fikirlərini yazmaları diqqətdən qaçmadı. Fakültənin dekanı Fəridə xanımla söhbət zamanı o, mərhum tələbəsi haqqında xoş sözlər səsləndirdi: "Çox gülərüz, tərbiyəli tələbə idi. Dərslərə normal gəlirdi. Onda hər hansı mənfi xüsusiyyət yox idi. Mətbuatda da məlumatlar yayıldı ki, guya Vüsal uşaq evindən götürülüb, amma əsla belə deyil. Vüsalın anası, sadəcə, alman vətəndaşı ilə ailə qurduğundan Vüsal onun soyadını götürmüşdü". Dekan da Vüsalın ölümündə qız məsələsi barədə eşitdiyini desə də, həmin şəxsin kimliyi barədə məlumatsız olduğunu söylədi. Tələbələrdən isə öyrəndik ki, Vüsal əvvəllər sevdiyi qadının güdazına gedib. Qızın Vüsalla münasibəti olsa da, sonradan çox zəngin biri ilə ailə həyatı qurub. Bununla belə o, yenə Vüsalla gizli görüşürmüş. Bu isə sonda Vüsalın öldürülməsi ilə bitib. Qeyd edək ki, V.Şilder bir neçə gün əvvəl Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3 B saylı evin qarşısında iki dəfə məhkum olunmuş Elman İsgəndərov, qohumu Seymur Talıbov və digərlərindən ibarət bir qrup şəxs tərəfindən amansızlıqla öldürülüb. Onlar yaxınlaşaraq bıçaqla gicgah nahiyyəsinə, döş qəfəsinə və bədəninin digər nahiyyələrinə xəsarətlər yetirməklə onu öldürüb hadisə yerindən qaçıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən sifarişlə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.