Bakı yaxınlığında iş adamı ona qurulmuş tələyə düşdü

56 min manat bir anda yoxa çıxdı...

Mayın 4-də Abşeron rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb. Milli.Az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Novxanı qəsəbəsinin ərazisində Bakı şəhər sakini Fərid Abbasova məxsus "Audi" markalı avtomaşından şüşəni sındırmaq yolu ilə 56.000 manatı oğurlanıb.
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Bakı şəhər sakini Anar Əhmədov tutulub. Abşeron RPŞ-dən Milli.Az-a bildirildi ki, taksi fəaliyyəti ilə məşğul olan A.Əhmədov hadisə baş verən gün Fərid Abbasovun puldəyişmə məntəqəsindən çıxaraq maşınına mindiyini görüb. Onda pul olmasına dəqiq əmin olduğundan maşınının arxasınca gedib. Fərid maşını həyətdə saxlayıb evə gedən kimi Anar yanındakı tanışı ilə avtomobilin şüşəsini sındıraraq pulları götürərək qaçıblar. Hazırda A.Əhmədov həbs edilib. Onun yanında olan şəxs isə müəyyən edilib və tutulması istiqamətində iş aparılır. Anarın istintaqa verdiyi ifadədən məlum olur ki, pulların hamısı da məhz tanışındadır. Onu da əlavə edək ki, zərərçəkmiş şəxs biznes fəaliyyəti ilə məşğuldur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31