Binəqədidə 9 mərtəbəli bina yandı

4 nəfər xəsarət aldı

Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, hadisə rayonun 9-cu mikrorayon, Həmzə Babayev küçəsindəki 9 mərtəbəli yaşayış binasında baş verib. Yanğın binanın 7 və 8-ci mərtəbələrindən başlanıb. Yanğına 2-ci təhlükəlilik dərəcəsi təyin edilib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 20-yə yaxın briqadası və 10-a yaxın təcili tibbi yardım maşını cəlb olunub. Bir saatdan artıq davam edən yanğın nəticəsində yaşayış binasında bir neçə mənzil tamamilə yanıb. Binanın 6, 7,8 və 9-cu mərtəbələrindəki mənzillərin əksəriyyəti yanıb. Hadisə nəticəsində xəsarət alanlar təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb. Xilasedicilər yanğın baş verən mənzillərdəki sakinləri evakuasiya edib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilsə də, hələlik onların adları açıqlanmır. Yanğın nəticəsində ölən olmayıb. Hadisə yerinə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və rayonunun məsul şəxsləri gəlib. Yanğının baş vermə səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31