“Zirvə” şadlıq sarayındakı toyda kütləvi dava

Gəlin təcili yardıma çatdırıldı, 10-a yaxın insanın xəsarət aldığı bildirilir

Bakıda tanınmış restoranlardan birində kütləvi dava olub. Bu barədə "OLAYLAR"a məlumat verən mənbə bildirir ki, restoranda dava qız və oğlan evi arasında baş verən mübahisədən yaranıb. Mənbənin dediyinə görə, hadisə toy mərasimində baş verib. Belə ki, toyda yeyib-içən qız evinin adamlarından biri mərasimin qızğın vaxtında gəlinə yaxınlaşaraq barmağındakı üzüyü çıxarıb baxıb. Bundan sonra həmin şəxs gəlinin yanında əyləşən bəyə yaxınlaşaraq ona "utanmırsan, qıza saxta brilyant almısan?"deyib. Nəticədə bəylə həmin şəxs arasında mübahisə başlayıb. Mübahisə böyüyüb və oglan evi ilə qız evi arasında dava düşüb. Dava təxminən yarım saatdan çox davam edib və bir neçə nəfər ciddi xəsarət alıb. Mənbənin dediyinə görə, dava polis müdaxiləsindən sonra yatırılıb. Amma bundan sonra toy davam etməyib. Səbəb isə dava zamanı bəylə gəlinin də xəsarət alması olub. Dava zamanı gəlin aldığı xəsarətlə yaxınlıqdakı təcili yardıma çatdırılıb və orada ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.
Mənbə bildirir ki, hadisə 8-ci mikrorayondakı"Zirvə" şadlıq sarayında baş verib.
Hadisə ilə bağlı şadlıq evi ilə əlaqə saxlaya bilmədik. Saray rəhbərliyi ilə əlaqə saxlamağa və hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırmağa çalışacağıq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31