Bakıda "ehtiyacı olduğu üçün" saxta pul kəsən şəxs yaxalanıb

Onun dövriyyəyə külli miqdarda saxta əsginas daxil etməsinin qarşısı alınıb

Bakıda dövriyyəyə külli miqdarda saxta əsginas daxil edən şəxs Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Şübhəli bilinən Mirsadıq Sadıqzadənin saxta manat hazırlaması və bir neçə dəfə dövriyyəyə daxil etməsi barədə idarəyə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində 54 yaşlı Mirsadıq Sadıqzadə şübhəli şəxs qismində saxlanılıb və onun üstündən 7 ədəd saxta 50 manatlıq və 1 ədəd 20 manatlıq əsginas götürülüb.
Qeyd edək ki, saxlanılan şəxs öz əməlinə haqq qazandıraraq pula ehtiyacı olduğunu deyib.
Əməliyyatı davam etdirən polislər saxlanılan şəxsin yaşadığı mənzilə də baxış keçiriblər. Evdən əlavə olaraq 26 ədəd 50 manatlıq, 22 ədəd 20 manatlıq saxta əsginaslar, eləcə də saxta pul hazırlamaq üçün avadanlıqlar aşkar edilərək götürülüb. Mirsadıq saxta manatları əsasən insanların sıx olduğu yerlərdə dövriyyəyə daxil etdiyini etiraf edib.
Faktla bağlı Mirsadıq Sadıqzadə barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31