Prokuror odlu silahla adam öldürən sahibkar oğluna ömürlük cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakıda odlu silahla qətl törətmək istəyən Bakı sakin Türkel Əsədullazadənin məhkəmə prosesi keçirilib. "OLAYLAR"ın məlumatına görə, dövlət ittihamçısı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi ilə təqsirləndirilən T.Əsədullazadənin ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, iyunun 5-də, saat 15 radələrində Suraxanı rayonunda fəaliyyət göstərən "Altun" istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel həmin rayonun Yeni Günəşli qəsəbəsində yerləşən "Badü-Kubə" Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən bir neçə atəş açaraq münaqişəyə aidiyyəti olmayan Məmmədov Samid Abış oğlunu qətlə yetirib, öldürmək istədiyi MTK-nın təsisçisi Qəmbərov Ədalət Nəcəf oğlunu isə yaralayıb. Aparılmış istintaqla müəyyən edilib ki, 2003-cü ildən təsis edilən "Badü-Kubə" Mənzil-tikinti kooperativi alqı-satqı müqaviləsi əsasında 2007-ci ildən Ədalət Qəmbərov tərəfindən alınıb.
Ə.Qəmbərov kooperativ tərəfindən Yeni Günəşli qəsəbəsində 0.40 ha torpaq sahəsində tikilməkdə olan yaşayış binasının inşasını davam etdirib. Həmin dövrdə qeyd edilən torpaq sahəsinin, eyni zamanda qonşuluqda yerləşən "Altun" istirahət mərkəzinin sahibi A.Əsədullazadə "Badü-Kubə" MTK-nın təsisçisi Ə.Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadratmetr yaşayış sahəsi verilməli olduğunu bildirib.
Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranıb. Ə.Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə A.Əsədullazadə həmin sənədləri toplamağı boynundan atıb.
Bundan sonra Ə.Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplayıb və binanın sahəsi 2.000 kvadratmetrlik 13 mənzilin sənədlərini A.Əsədullazadəyə təqdim edib. Həmin vaxtdan başlayaraq A.Əsədullazadə ilə Ə.Qəmbərov arasında mübahisə yaranıb.
Bundan sonra Ə.Qəmbərov A.Əsədullazadənin dələduzluqla məşğul olması barədə sənədlər toplayaraq Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim edib. İyunun 5-də Türkelin atası Asif Əsədullazadəni Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları dələduzluqda təqsirli bilərək saxlayıblar. Bundan əsəbiləşən Türkel Ə.Qəmbərovun işlədiyi binaya gələrək onu öldürmək istəyib.
Nəticədə mübahisəni sakitləşdirmək istəyən S.Məmmədovu qətlə yetirib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31