Ailəsində toy-düyün olan biznesmenin varidatını apardılar

"Bizneslə məşğul olduğundan evində pul olduğunu bilirdim".  Ağcabədi rayonunda iş adamının şad günündə evi qarət olundu. Rayon Polis Şöbəsindən Milli.Az-a verilən məlumata görə, aprelin 21-də rayonda biznes fəaliyyəti ilə məşğul olan Kərim Maynisov nəvəsinin kiçik toy məclisindən qayıdan zaman evinin alt-üst edildiyinin şahidi olub.  Evə girən oğru 30 min manat pul və 700 manatlıq qızıl oğurlayaraq gedibmiş. Dərhal polisə məlumat verən K.Maynisovun evinə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Məlum olub ki, oğru həmin həyətdə olan digər evdən 12 min manat aparıb.  Oğurluğu törədən 24 yaşlı Elbrus Hüseynov tutulub. Əvvəllər Rusiyada narkotik cinayətinə görə məhkum olunan E.Hüseynov oğurluq etməsini pula ehtiyacının olması ilə əsaslandırıb. O, ifadəsində deyib ki, K.Maynisov bizneslə məşğul olduğundan evində pul olmasını bilib. Ona görə də onların toyda olmasından istifadə edərək evə girib. Elbrus pulun bir hissəsini polisə təhvil verib.

K.Maynisovun rayon ərazisində maşın ehtiyat hissələri mağazası olub.

Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq (177-ci) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31