Sərhədçilərə rüşvət təklif edən tiryək satanların məhkəməsi başlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində sərhədçilərə rüşvət verməkdə təqsirləndirilən Cəlilabad rayon sakinləri Nürəddin Dövlətov və Seyfəddin Dövlətovun məhkəməsi başlayıb.Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib .
İttihama görə, Faiq Mərdalıyev, Zülfüqar Dövlətov və Əflatun Mərdalıyev 8 yanvar 2013-cü il tarixdə DSX-nın "Göytəpə" Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Əsədli kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitə olan 20 kq 150 qr heroin və 5 kq tiryəki şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmələri ilə bağlı tutulublar.
Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində onların barəsində Cinayət Məcəlləsinin dövlət sərhədini qanunsuz pozma, qaçaqmalçılıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olma maddələri ilə cinayət işi olub.
Nürəddin Dövlətov və onun qardaşı oğlu Seyfəddin Dövlətov cinayət işi üzrə istintaqı aparılan yaxın qohumları olan Zülfüqar Dövlətovun və Əflatun Mərdalıyevin məsuliyyətdən kənarlaşdırılmasından ötrü işin istintaqını aparan şəxsə 50 min manat rüşvət təklif ediblər.
İstintaq aparan şəxs Nurəddin və Seyfəddin Dövlətovların qanunsuz əməlləri barədə DSX-nın rəhbərliyinə məlumat verib və həmin məlumat aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. 22 yanvar 2013-cü il tarixdə istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Nurəddin və Seyfəddin Dövlətovlar DSX-nın inzibati binasında cinayət işinin istintaqını aparan şəxsə 35.0 min ABŞ dolları məbləğində rüşvət təklif edərkən cinayət başında yaxalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31