Ağlasığmaz ailə dramı: 21 yaşlı qadın körpəsini götürərək evdən qaçıb TƏFƏRRÜAT

Qadın evdən çıxıb gedərkən məktub yazıb

Ucar rayonunda bir ildir ki, ailəli olan gənc ana 9 aylıq körpəsilə birgə yoxa çıxıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Heydər Əliyev prospekti 138 mənzil 27 ünvanında yaşayan 21 yaşlı Dürrə Neman qızı Əsgərova 18 aprel tarixində 9 aylıq qız körpəsi ilə birlikdə naməlum şəkildə evdən çıxıb və geri qayıtmayıb. Onun evdən çıxıb hansı istiqamətdə getməsindən, nə ailə üzvləri, nə də qonşularının xəbəri olmayıb. Bu barədə məlumat verən itkin düşənin həyat yoldaşı Rahim Əsgərovun sözlərinə görə, həmin gün nənəsigildə olub və evə qayıdanda nə həyat yoldaşını, nə də uşağını görüb.
Bütün yaxınlarının və qohumlarının evini axtarsa da, tapa bilməyib. R.Əsgərov Ucar rayon polis şöbəsinə yazılı olaraq müraciət edib. Onun sözlərinə görə, həyat yoldaşından ailəli olduğu müddətdə problemlərinin olmadığını və onu incitmədiyini bildirib. Gəlinin qaynanası Məleykə Əsgərovanın sözlərinə görə, Dürrə Əsgərova evdən çıxıb gedərkən məktub yazıb.
Rahim və onun anası Məleykə Əsgərova bu məsəldə qadını xəyanətdə ittiham edirlər. Rahim Əsgərovun sözlərinə görə, bir dəfə Dürrə Əsgərovanın belə bir günahını bağışlayıb. Rahim Əsgərovun sözlərinə görə, Dürrə Əsgərovanın özü ilə əlaqə saxlaya bilib. Lakin qadını qaytara bilməyib. İndi Rahim Əsgərovun tək istəyi arvadının tapılması və boşanmasıdır.
"Məktubunda yazıb ki, mən səni sevməmişəm, sənə xəyanət etdim. Mən gedirəm uzaqlara, Rahim məni axtarma. Səni onsuz da çoxdan unutmuşam. "Qurani-Kərim"də də var ki, bir arvad ərinə xəyanət edərsə, ömür boyu ərindən hallalıq almayınca Allah qadını bağışlamaz. Mən də Dürrəni bağışlamıram", - deyə Rahim Əsgərov bildirib.
Ucar rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Rahim Əskərovun müraciəti əsasında, həmin gündən etibarən polis şöbəsinin təhqiqat qrupununda araşdırmalar aparılıb. 22 aprel tarixindən Dürrə Neman qızı Əsgərova barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilib.
Dürrə Əsgərovanın ata ailəsi isə qadına qarşı olan bütün iradları rədd edərək, qızın itkin düşməsində ər və onun ailəsinin qadına gün verməməsilə əlaqələndirib. Dürrənin nənəsi Safura İsmayılovanın sözlərinə görə, bu səbəbdən evdən baş götürüb qaçan gəlin, bu gün səhər ata evinə qayıdıb.
"Nəvəmi döyüblər, o da uşağını götürüb qaçıb. Gedib 3 gün dəmir yolunda qalıb. Kimi üzünə xoş baxıb, bir tikə çörək verib, kimi acıqlı baxıb. Dəmir yolunda əppək dilənib, uşağı yedizdirib. Qızın vəziyyəti pisdir, bir dəridir, bir sümük. Kim nə veribsə, yedizdirib uşağa", - deyə Safura İsmayılova bildirib.
Safura İsmayılovanın sözlərinə görə, gəlinin tapılması ilə bağlı rayon polis şöbəsinə məlumat da verilib. Lakin polis şöbəsinin əməliyyat axtarış şöbəsinin rəisi İlham Əhmədov ANS PRESS-in bölgə müxbirinə bildirib ki, gəlinin tapılması barədə məlumat almayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31