Göygöldə sərnişin avtobusu yandı, 74 yaşlı kişi öldü

Göygöldə sərnişin avtobusunun yanması nəticəsində 1 sərnişin ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə Göygöl rayonu, Çaylı kəndində (rayon mərkəzindən 22 km aralı) qeydə alınıb. "PAZ" markalı sərnişin avtobusunda qəfil yanğın başlanıb. Baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, o cümlədən yaxınlıqda olan qaz balonlarını təhlükəsiz əraziyə köçürüblər. Hadisə şahidlərinin sözlərinə görə, sərnişin - 1938-ci il təvəllüdlü Yaşar Rzaqulu oğlu Abbasov pəncərədən atılaraq xəsarət alıb və aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Sürücü və qalan sərnişinlər avtobusu vaxtında tərk ediblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31