"Eurovision 2012" məhbuslarının cəzaları dəyişmədi

Təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib. Şəki Apelyasiya Məhkəməsində ağır cinayətlərə səbəb olan hadisələrin törədilməsinin qarşısını alınması istiqamətində həbs edilən və silah alverində ittiham olunan Şəki şəhər sakinləri - Əlisəfa Mustafayev, Mehman Qasımov, Şirin Qasımov, Tahir Həmidov, Şərif Yunusov və Zaqatala şəhər sakini Rəşad Aşurov, Akif İsayev, Habil Məmmədov, Əsəd Dadaşov, Cahangir Abdulkərimov, Rizvan Səfərov, Anar İsmayılov, Sərdar Həsənovun cinayət işi üzrə məhkəmə başa çatıb. Day.Az-a məhkəmədən bildirdilər ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı şikayətləri təmin edilməyib.
Şəki Şəhər Məhkəməsinin hökmü ilə Əlisəfa Mustafayev 4 il 6 ay, Mehman Qasımov 4 il 6 ay, Şirin Qasımov 4 il 6 ay, Tahir Həmidov 4 il 6 ay, Şərif Yunusov 3 il 6 ay, Zaqatala şəhər sakini Rəşad Aşurov 3 il 6 ay, Akif İsayev 3 il 6 ay, Habil Məmmədov 4 il 6 ay, Əsəd Dadaşov 1 il 6 ay, Cahangir Abdulkərimov 1 il, Rizvan Səfərov 1 il 6 ay, Anar İsmayılov 1 il 6 ay, Sərdar Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, Rəşad Aşurov qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib, saxlayıb, daşıyıb, gəzdirib və satıb. O, Mehman Qasımov və digər təqsirli bilinən şəxslərlə külli miqdarda narkotik vasitəni əldə ediblər. Belə ki, Rəşad Aşurovun əldə etdiyi küllü miqdarda silah-sursatı 6 aprel 2012-ci ildə yaşadığı Zaqatala şəhəri, Sülh küçəsi ev 4, mənzil 3 ünvanında keçirilmiş baxış zamanı aşkar edilərək götürülüb.
Bundan əlavə, 2011-ci ilin təxminən oktyabr ayında Rəşad Aşurov iş üzrə digər təqsirləndirilən şəxs Əli Mustafayevdən 650 manat müqabilində müvafiq olaraq odlu silah və döyüş sursatını alıb. O, 2012-ci ilin yanvarda Əlisəfa Mustafayevdən 1.200 ABŞ dolları dəyərində daha bir neçə silah-sursatı əldə edib.
İstintaq materiallarında qeyd edilir ki, təqsirləndirilən şəxslər 2012-ci ilin yanvar-aprel ayları ərzində bir çox silah-sursatları əldə ediblər və yaşadıqları evlərdə gizlədiblər. Lakin həmin ilin aprel və may ayları ərzində hüquq-mühafizə orqanları əməkdaşlarının "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində keçirdiyi əməliyyatlar nəticəsində təqsirli bilinən şəxslər məsuliyyətə cəlb ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31