Minaya düşmüş Qazax sakininin meyiti ailəsinə təhvil verildi VIDEO
Bu, Qırmızı Xaç Komitəsinin köməyi ilə baş tutub
16 Aprel 2013 10:11 KriminalDünən səhər saatlarında minaya düşən Qazax rayonu, Xanlıqlar kənd sakini, 23 yaşlı Vəliyev Adil Habil oğlunun meyiti Qırmızı Xaç Komitəsinin iştirakı ilə axşam saat 16:30 radələrində neytral zonadan çıxarılaraq ailəsinə təhvil verilib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qazax rayonu Xanlıqlar kəndində, neytral zonada baş verib.
1990-cı il təvəllüdlü Vəliyev Adil Habil oğlu ailə üzvləri ilə səhər saat 11:00 radələrində meşə sahəsinə gedib. O, ailəsindən 50 metr aralanaraq neytral zonaya keçəndə isə minaya düşüb.
Məlumata görə, günorta saatlarında neytral zonada minaya düşən şəxs sağ olub. Hətta onun səsi də eşidilirmiş. Kənd sakinlərindən bəziləri onu neytral ərazidən çıxarmağa cəhd ediblər. Hətta ona sakinlər "ayağını bağla qan aparmasın. Biz səni xilas edəcəyik" deyə qışqırıblar. Hazırda hadisə yerinə Qırmızı Xaçın nümayəndələri gəlib. Minaya düşən şəxsin sağ olub olmadığı bilinmir.
Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, kənd sakinləri onu neytral ərazidən çıxarmaq istəyərkən erməni tərəfi atəş açaraq onlara imkan verməyib.
Qeyd edək ki, Adil Vəliyev evli və iki uşaq atası olub.