Baş Prokurorluq hərbçinin cəzasını ağırlaşdıra bilmədi
Məhkəmə apellyasiya protestini rədd etdi
7 İyun 2012 18:35 KriminalBu gün Şirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Azərbaycan ordusunun hərbi qulluqçusu Əli Hüseynovun cəzasını ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun apelyasiya protestinə baxılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə Hərbi Prokurorluğun apelyasiya protesti üzrə qərar elan edilib. Qərara görə, Hərbi Prokurorluğun təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd), 232.1-ci (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilib.
Əli Hüseynov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.