Rüşvətxor sahə müvəkkili məhkəməyə yalvardı

Bakı Apelyasiya Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə Toğrul Hüseynovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı iyunun 13-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul Hüseynov 6 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 2011-ci il noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət edərək yaşadığı ünvanda ikimərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.
Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən tutulub.
O, Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31