Əl çantasından 160, bel çantasından isə 187 ədəd mobil telefon çıxdı
8 Aprel 2013 13:38 KriminalDövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində İstanbul-Bakı aviareysinin sərnişini Türkiyə Respublikasının vətəndaşı Hüseyin Ünlü nəzarətə götürülüb. Komitədən "Olaylar"a verilən məlumata görə, Hüseyin Ünlü baqajını qəbul edib, əl yükü ilə gömrük nəzarətindən "yaşıl kanal" vasitəsi ilə keçərkən gömrük əməkdaşı tərəfindən saxlanılıb və gömrük bəyannaməsinin bəndləri üzrə şifahi sorğu-sual edilərkən, baqajında və əl yükündə mütləq bəyan olunası malların olmadığını bildirib. Hüseyin Ünlü gömrük nəzarətindən keçdikdən sonra, çıxışda onu Azərbaycan Respublikasının vətəndaşları Vüqar Qasımov və Andrey Tixonov qarşılayıb və onlarla birlikdə hava limanını tərk etmək istəyərkən, avtodayanacaqda gömrük əməkdaşları tərəfindən saxlanılıb. Gömrük baxışı zamanı Hüseyin Ünlüyə məxsus əl çantasından 160 ədəd, bel çantasından isə 187 ədəd "Nokia" markalı mobil telefonlar aşkar edilib. Faktla bağlı izahat verən Hüseyin Ünlü bildirib ki, aşkar olunan cəmi 347 ədəd "Nokia" markalı mobil telefonu Çin Xalq Respublikasından Türkiyə Respublikasına satış məqsədilə gətirib, lakin İstanbulda həmin mallar ölkə ərazisinə buraxılmayıb. Hüseyin Ünlü Azərbaycana biznes əlaqələri yaratmaq üçün gəldiyini və çantalarından aşkar olunan mobil telefonları isə bir müddət sonra Çin Xalq Respublikasına aparmaq niyyəti ilə gətirdiyini bildirib. O, mobil telefonları bəyan etmədiyini və qanun pozuntusuna yol verdiyini tam etiraf edib.