İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb
2 Aprel 2013 15:36 KriminalDövlət Gömrük Komitəsi Gömrük sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən ölkəyə qeyri-qanuni yolla narkotik vasitənin gətirilməsinin qarşısını alınıb. DGK-dan "Olaylar"a verilən məlumata görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə olunacağı barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat nəticəsində narkotik vasitənin alqı-satqısını həyata keçirmək üçün Lənkəran şəhərinə gəlmiş Sərdar Orucov və Emin Abbasov özləri ilə gətirdikləri 1 ədəd idman çantasının içərisində, 10 ədəd polietilen bağlamalarda, ümumi xalis çəkisi 9 kiloqram 980 qram narkotik vasitə olan həşiş qətranını şərti alıcı qismində DGK əməkdaşına satmaq istəyərkən saxlanılıb. Keçirilmiş baxış zamanı çantadan həmin narkotik vasitələr aşkar edilərək götürülüb. DGK İstintaq İdarəsində qeyd olunan faktla bağlı cinayət işi başlanıb. Hər iki şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək Yasamal Rayon Məhkəməsi tərəfindən barələrində 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib. Külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.