Deputatın qatil qardaşı oğlunun məhkəməsi başlandı
1 Aprel 2013 18:50 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Bakıda "1001 gecə" restoranda baş verən kütləvi dava ilə əlaqədar təqsirləndirilən Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, istirahət mərkəzində bir qrup şəxs tərəfindən xuliqanlıq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanılması, daşınması və digər faktlar üzrə Firdosi Bağırov, Elnur Qasımov, Elmar Süleymanov, Səməd Mənsimov, Orxan Məlikov və Şahin Novruzovun Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3 (xuliqanlıq), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-2.1-ci (istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılması, istifadəsi) maddələri ilə təqsirləndirilirlər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ötən il iyulun 17-də axşam saat 03:00 radələrində "1001 gecə" istirahət mərkəzində baş verən atışmadan sonra müəyyən ediliblər.
Belə ki, ötən il iyulun 17-də axşam saat 03:00 radələrində "1001 gecə" istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib və Ramal Bayramovun aldığı xəsarətdən orada dünyasını dəyişib.
Rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılmış istintaqla qeyd edilən tarixdə "Makarov" markalı tapança ilə Ramal Bayramovun qəsdən öldürülməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərinin qəsdən öldürülməsinə cəhd, Firdosi Bağırov və Zamin Bağırovun isə hədə-qorxu ilə əmlaklarının tələb olunması faktlarına görə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Rəşad Mirələmova Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham elan edilməklə cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, R.Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.