Dostunu qətlə yetirən məhkəməyə çıxdı
29 Mart 2013 17:25 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində dostunu qətlə yetirməkdə təqsirləndirilən Saatlı rayon sakini Orucəli Abdullayevin məhkəməsi başlayıb. "OLAYLAR"ın məlumatına görə, borc pul üstə dostunu qətlə yetirməkdə təqsirli bilinən Orucəli Abdullayevin məhkəməsi hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilir.
İttihama görə, Orucəli Abdullayev ötən ilin sentyabrın 27-də Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Nurəddin Babaverdiyevi yaşadığı evində bıçaqla qətlə yetirib.
Dostunu qətlə yetirəndən sonra O.Abdullayev Saatlı rayonuna gedib. Bir gün sonra isə Orucəli Abdullayev könüllü olaraq Saatlı rayon Polis Şöbəsinə gedərək təslim olub.
Qanlı hadisəyə səbəb borc pul olub. Belə ki, Nurəddin Babaverdiyev Orucəli Abdullayevdən 9000 min manat borc pul alıb. Nurəddin uzun müddət borcu qaytarmayanda Orucəli pulunu geri istəyib. Bu səbəbdən dostlar arasında mübahisə düşüb. Nəticədə qanlı hadisə baş verib.