26 kiloqram narkotik vasitə tutuldu
29 Mart 2013 13:53 KriminalBu günlərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Türkiyə Respublikası vətəndaşı Aras Osman Alaettin oğlunun idarə etdiyi "Scania" markalı, KHK624/VV113 dövlət nömrə nişanlı yük avtomobilinə "Muxtar" ləqəbil kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı həyata keçirilmiş və itin reaksiyasına əsasən malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qoşqunun içərisindəki döşəmədə xüsusi düzəldilmiş metal lövhənin altında gömrük nəzarətindən gizlədilmiş 52 bağlamada ümumi çəkisi 26 kiloqram 60 qram narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür.
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində aparılmış istintaqla müəyyən edilmişdir ki, Türkiyə Respublikası vətəndaşı Aras Osman Alaettin oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmə barədə İran İslam Respublikasında bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, bu məqsədlə İran İslam Respublikasında külli miqdarda, 26 kiloqram 60 qram heroin narkotik vasitəsini əldə edib malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi yük avtomobilinin qoşqusunun içərisində gizli saxlanc yerində yerləşdirilmiş və Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərmişdir.
Aras Osman Alaettin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən şübhəli şəxs qismində tutulmuş, ona ittiham elan edilmiş və Bakı şəhər Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.
Xatırladaq ki, hazırda cinayət işi üzrə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı olan digər şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.