Narkodəstə ifşa olundu

59 kiloqramdan artıq narkotik vasitə götürüldü

Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilmiş, onlardan ümumilikdə 59 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür. 
Belə ki, Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Asif Eyyub oğlu Dağıstan Respublikasında saxlanılmış, İrandan Rusiyaya göndərilən içərisində kartof kisələri olan yük avtomobilinə keçirilmiş baxış nəticəsində 36 kiloqram 200 qram həşiş aşkarlanaraq götürülmüşdür. 
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Rasim Mirzə oğlu və Şəbiyev Anar Çingiz oğlu saxlanılmış, onlardan 6 kiloqramdan artıq heroin və 2 kiloqram 965 qram tiryək aşkarlanaraq götürülmüşdür. 
Milli Təhlükəsizlik Nazirliyinin başqa bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Namiq Əkbərağa oğlu saxlanılmış, ondan 2 kiloqram 192 qram tiryək aşkarlanaraq götürülmüşdür. 
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliməmmədov Nazim Süleyman oğlu saxlanılmış, baxış nəticəsində ondan 200 qramdan artıq müxtəlif növ ağır tərkibli narkotik vasitələr aşkarlanaraq götürülmüşdür.
Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycanın Astara rayonunun Sım kəndi ərazisində İran istiqamətindən dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının vətəndaşı Ruhi Dilavər Mətləb oğlu saxlanılmış, ondan 2 kiloqram 50 qram həşiş qətranı aşkarlanaraq götürülmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - Tahirov Rafiq Əlihüseyn oğlu və Babayev Rəhim Rəhman oğlu saxlanışmışlar. Müəyyən edilmişdir ki, Rafiq Tahirov və Babayev Rəhim, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Behzad adlı vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə olan - 48,20 qram cəkidə 205 ədəd metadonu qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.
Mart ayının 17-də həyata keçirilmiş əməliyyat tədbiri ilə Azərbaycan Respublikasının vətəndaşları - Qasımov Sakit Böyükkişi oğlu, Qasımov Habil Böyükkişi oğlu və Ağayev Natiq Mirağa oğlu saxlanılmış, onlardan 8 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın tiryək, 303 qram maye halında narkotik vasitə olan amfetamin aşkarlanaraq götürülmüşdür.
Bütün faktlarla bağlı cinayət işləri başlanılmış, adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
İstintaq-əməliyyat tədbirləri davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31