Dostunu bıçaqladı, 8 il cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilərək həbs olunan Binəqədi rayon sakini,  əvvəllər məhkum olunmuş 40 yaşlı Samir Məmmədovun məhkəməsi başa çatıb.  Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Samir Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, S.Məmmədov ötən ilin oktyabr ayında Sulutəpə qəsəbəsi, İzlivnoy küçəsində yaşayan Bakı şəhər sakini Elşən Feyzullayevi bıçaqlayıb.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samir Məmmədov tutulub.
S.Məmmədov dindirmə zamanı cinayətə əl atmasının səbəbini açıqlayıb. İfadəsində göstərib ki, hadisədən bir neçə gün əvvəl Elşən Feyzullayev də daxil olmaqla bir neçə qonşusu onun evində yeyib-içib. Məclisin gur yerində ev sahibi bıçaq gətirmək üçün mətbəxə keçib və geri qayıdanda qonaqların əlbəyaxa davaya qalxdıqlarını görüb.
Davanı sakitləşdirmək istəsə də, qonaqlar evdəki qab-qaçağı, televizoru sındırıblar. Lakin Elşən aranı sakitləşdirərək dəymiş ziyanı ödəyəcəklərinə söz verib. Həmin davadan bir neçə gün sonra, yəni bıçağa əl atdığı gün Elşənə zəng edərək verdiyi sözə nə vaxt əməl edəcəyini soruşub. Lakin əvəzində təhqir olunub.
Onlar Sulutəpə qəsəbəsi ərazisindəki kafelərdən birində görüş təyin edib, məsələni həll etmək qərarına gəliblər. Samir həmin əraziyə gələndə isə söhbət əvəzinə, Elşənin yumruqları ilə rastlaşıb. Özünü müdafiə etmək üçün cibindəki bıçağı çıxararaq onu vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31