"Binə" TM-dəki aksiya zamanı saxlanılanlar daha 2 ay həbsdə olacaq

Səbail rayon Məhkəməsində keçirilən proses zamanı istintaq orqanın verdiyi təqdimata baxılıb

Yanvarın 19-da "Binə" ticarət mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti artırılıb. APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində keçirilən proses zamanı təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin artırılması ilə bağlı istintaq orqanın verdiyi təqdimata baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin hər birinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 2 ay uzadılması barədə qərar verib. Qeyd edək ki, aksiya ilə bağlı Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, yanvarın 19-da "Binə" Ticarət Mərkəzində fəaliyyət göstərən bir qrup sahibkar rəhbərliyin icarə haqqını qaldırmasına etiraz olaraq Bakı-Astara magistralının ticarət mərkəzinin yaxınlığından keçən hissəsini bağlamağa cəhd göstərib və nəqliyyatın hərəkətini iflic ediblər. Xəbərdarlığa məhəl qoymayan aksiya iştirakçıları polis əməkdaşlarına müqavimət göstəriblər və nəticədə, 10 polis müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir neçə xidməti avtomobilə isə ziyan vurulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31