Hərbi hissədə silah alveri edən dəstənin şikayəti təmin olunmadı
7 Mart 2013 17:35 KriminalŞirvan Apellyasiya Məhkəməsində 7 hərbi qulluqçudan ibarət dəstənin məhkəməsi başa çatıb."OLAYLAR"ınməlumatına görə, hakim Əhməd Nurməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib.
Məhkəmə Füzuli Hərbi Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Füzuli Hərbi Məhkəməsinin hökmü ilə Elgün Qafarov 5 il 4 ay, Xalid Şirməmmədov 5 il 4 ay, Baba Babayev 5 il 4 ay, Davud Əkbərov 5 il 4 ay, Razim Əhmədov 3 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə Hüseyn İsmayılovu 1 il müddətinə islah işləri cəzasına məhkum edib. Digər təqsirləndirilən Rəşad Alzaxanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 4 il şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, dəstə üzvləri silahla əsgər yoldaşlarına hədə-qorxu gəlib pul tələb ediblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 228.2.1, 228.2.2-ci (qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 232.2.1, 232.2.2, 232.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 336-cı (qarovul xidmətinin nizamnamə qaydalarını pozma) maddələri ilə təqsirli biliniblər.