700-ə yaxın dükanın olduğu bazar yandı VIDEO

Türkiyənin Ankara şəhərində qeydə alınan yanğını 4 saata nəzarət altına almaq mümkün olub

Türkiyənin paytaxtı Ankarada ötən gecə güclü yanğın olub. Xalq arasında "Rus bazarı" adlandırılan "Yunus Əmrə Xalq Bazarı"nda baş verən yanğın 685 iş yerinin yararsız hala düşməsi ilə nəticələnib. Yanğını 4 saata nəzarət altına almaq mümkün olub. Yanan bazarın damının çökməsi və kiçik partlayışların baş verməsi yanğınsöndürənlərin işini çətinləşdirib.
Yanğınsöndürənlər alovun bazar yaxınlığındakı yanacaqdoldurma məntəqəsinə yayılmasının qarşısını almağa çalışıblar, hər ehtimala qarşı, yanacaqdoldurma məntəqəsinin və yaxınlıqdakı mehmanxanaların işçiləri evakuasiya edilib. Bazarın yerləşdiyi küçə də nəqliyyatın hərəkətinə bağlanıb. Bazardakı iş yerlərinin sahiblərini sakitləşdirmək və ərazidən uzaqlaşdırmaq üçün isə xüsusi-təyinatlı dəstələr cəlb edilib. Yanğın zamanı xəsarət alanın olmadığı bildirilir.
Qeyd edək ki, 10 min kvadrat metr sahəsi olan bazarda yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31