Kafedə qətl törədən şəxs 13 il azadlıqdan məhrum edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə 21 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Tərtər rayon sakini, 21 yaşlı Vüsal Əliyevin məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib . Hakim İradə Hüseynzadənin sədrliyi ilə keçirilən prosesdə V.Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, V.Əliyev ötən il avqustun 5-dən 6-na keçən gecə, saat 4 radələrində Saray qəsəbəsi ərazisindəki kafelərdən birində işləyən Ağdaş rayon sakini, 21 yaşlı Şamo Məmmədovu qətlə yetirib.
Hadisəyə səbəb Vüsal Əliyevin bibisi oğlu ilə ofisiant işləyən Şamo Məmmədov arasında hesab üstə düşən mübahisə olub. Dostları ilə kafedə çörək yeyəndən sonra Vüsal Əliyevin bibisi oğlu ofisiantdan hesabı istəyib. Şamo Məmmədov hesabın 8 manat olduğunu bildirəndə müştərilər onunla razılaşmayıblar. Onlar hesabın 6 manat olduğunu bildiriblər. Nəticədə mübahisə düşüb.
Hadisədən sonra Vüsal Əliyev həmin kafeyə gələrək, mübahisəni aydınlaşdırmaq istəyib. Bu zaman onunla Şamo Məmmədov arasında mübahisə düşüb və o Ş.Məmmədovu bıçaqla qətlə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31