Kriminal avtoritetin sifarişilə qətl törədən killer məhkəmə qarşısında

Bakı Apelyasiya Məhkəməsində sifarişli qətl törətməkdə təqsirləndirilən Sabunçu rayon sakini 45 yaşlı Ağamirzə Quliyevin məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayətin araşdırılmasına başlanıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qəsdən adam öldürmədə təqsirli bilinən A.Quliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, ötən ilin oktyabrın 1-də Xəzər rayonu Albalılıq yaşayış sahəsində tikintisində başa çatmamış evdə, Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş 26 yaşlı Ramin Babayevin odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisəni Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Quliyev törədib.
Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılan A.Quliyevdən TT markalı tapança, bir ədəd patron və R.Babayevə məxsus "Naqan" markalı tapança və ona aid 5 ədəd patron götürülüb.
Dindirmələr zamanı Ağamirzə Quliyev törətdiyi cinayəti etiraf edib. Onun sözlərinə görə, hadisə zamanı Ramin Babayev ona atəş açmaq istəyib. Lakin o tez hərəkət edərək həyatını xilas edib.
Qeyd edək ki, qətlə yetirənlə qətlə yetirilənin hər ikisi kriminal aləmlə sıx əlaqəli adamlar olublar. Qətlə yetirilən R.Babayev bir neçə gün əvvəl Bakının Maştağa qəsəbəsində Səttar Xudaverdiyevi bıçaqlayıb. S.Xudaverdiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. R.Babayev isə polis tərəfindən axtarışa verilib.
Məlumata görə, R.Babayevin bıçaqladığı S.Xudaverdiyev tanınmış avtoritet Amil Xudaverdiyevin əmisi oğludur. R.Babayevin qətlinə də avtoritetlər qərar verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31