Azərbaycanda iki məmur rüşvət alarkən yaxalandı

Azərbaycanda iki məmur rüşvət alarkən yaxalanıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.  Qurumun mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq İdarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, Dövlət Baytarlıq Xidmətinin Bərdə rayon Baytarlıq idarəsinin rəisi Alim Zeynalov, idarənin rəis müavini Səyyad Cəfərovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəkləri qanunsuz hərəkətə, yəni vətəndaşın barəsində tərtib olunmuş aktın ləğv edilərək tədbir görülməməsi üçün 2.000 (iki min) manat məbləğində rüşvət tələb edib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində  fevralın 20-də rayon Baytarlıq İdarəsinin inzibati binasında A.Zeynalov xidməti otağında Ağcabədi rayon sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. A.Zeynalov və S.Cəfərov Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31