Meşəbəyinin qatil oğlunun cəzası yüngülləşdirilmədi
1 İyun 2012 18:43 KriminalŞirvan Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən 18 yaşlı Lənkəran şəhər sakini Afiyəddin Səfərovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Afiyəddin Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Ittihama görə, A. Səfərov Lənkəranın Osaküçə ərazi nümayəndəliyinə daxil olan Haftarun kənd sakini 46 yaşlı Mail Süleymanovu meşədə qətlə yetirib. Hirkan Milli Parkının meşəbəyisi, Günəhir kənd sakini 42 yaşlı Azad Səfərov Mail Süleymanova yük maşını ilə meşəyə daxil olmasına icazə vermədiyinə görə aralarında mübahisə düşüb. Mübahisə zəminində yaranmış münaqişə nəticəsində Azad Səfərovun hadisə yerində olan 18 yaşlı oğlu Afiyəddin Səfərov Mail Süleymanovun baş nahiyəsinə çoxsaylı ağac zərbələri endirib.
Mail Süleymanovun oğlu atasını ağır xəsarətlərlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Kəllə-beyin travması, kəllə sümüklərinin sınığı diaqnozu ilə daxil olan yaralı həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.