Xaricdən 260 azərbaycanlı məhkum gətirilib
26 Fevral 2013 15:35 KriminalSon 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 141 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 260 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir. Bundan əlavə, nazirliyin məsul şəxsləri tərəfindən xarici ölkələrə edilən səfərlər zamanı cəza çəkən Azərbaycan vətəndaşlarına baş çəkilərək onların saxlanma şəraiti və qayğıları ilə daim maraqlanılır, habelə bu sahədə ekspert məsləhətləşmələri aparılır. Təkcə son aylarda Rusiya, Gürcüstan, Türkiyə, İran və Çin tərəfi ilə Azərbaycan vətəndaşları olan məhkumların ölkəmizə verilməsi məsələsi, beynəlxalq öhdəliklərə riayət olunması, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması, çevikliyin təmin olunması üzrə danışıqlar keçirilib. Həmçinin, Azərbaycan və İran arasında 1998-ci ildə bağlanmış müvafiq Müqaviləyə əsasən məhkumların mübadiləsi keçirilir və bu günlərdə İran vətəndaşı olan və müxtəlif cinayətlər törətmiş 33 məhkum qarşı tərəfə təhvil verilmişdir. Məlumatda o da bildirilir ki, nazirlik 30-dək ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 26 ölkənin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir, 13 çoxtərəfli müqavilə üzrə isə mərkəzi və ya əlaqələndirici orqan qismində çıxış edir.