Cəzaçəkmə müəssisələrində intiharların sayı azalıb
25 Fevral 2013 14:11 KriminalƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş İdarəsində tərbiyə işinin təşkili sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, müşavirədə ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev qeyd edib ki, Penitensiar xidmətin 2012-ci ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov müxtəlif xidmət sahələrindəki nöqsan və çatışmazlıqları şəxsi heyətin nəzərinə çatdıraraq, onların qısa müddət ərzində aradan qaldırılması üçün zəruri tədbirlərin həyata keçirilməsini tapşırıb. Nöqsanların aradan qaldırılması ilə əlaqədar Penitensiar Xidmət üzrə bütün xidmət sahələrini əhatə edən tədbirlər planı təsdiq olunaraq icrasına başlanılıb. Qeyd olunub ki, cəzaçəkmə müəssisələrində məhkumların vaxtından əvvəl şərti azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi zamanı cəza çəkənlər barəsində tərtib olunan mülahizələr bir sıra hallarda səthi, qeyri-obyektiv tərtib olunur ki, bu da prosesin iştirakçısı olan digər aidiyyəti qurumların haqlı iradlarına gətirib çıxarır. Belə nöqsanlara yol vermiş bəzi cəzaçəkmə müəssisələrinin məsul əməkdaşları intizam məsuliyyətinə cəlb olunmuşlar. Müxtəlif cinayətlərlə vurulmuş ziyanın cəza çəkənlər tərəfindən zərərçəkmişlərə ödənilməsi sahəsində ötən dövrlərlə müqayisədə müəyyən irəliləyiş əldə olunsa da bu işdə də həllini gözləyən problemlər mövcuddur. Müşavirədə xüsusilə vurğulanıb ki, həyata keçirilmiş tədbirlər, o cümlədən Penitensiar xidmətlə əməkdaşlıq edən qeyri-hökumət təşkilatları və ictimai birliklərin köməyi sayəsində məhkumlara göstərilmiş psixoloji yardımlar nəticəsində intihar və intihara cəhd hallarının sayı xeyli azalıb.