Azərbaycanın penitensiar xidmətində 200 İran vətəndaşı saxlanır

İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş Səfiri  cənab Mohsen  Pakain, Səfirliyin konsulluq şöbəsinin rəisi cənab Möhsün  Mövlayi və Səfirin köməkçisi Əli Nandar Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev tərəfindən qəbul edilib.  Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşları olduqları ölkəyə verilməsi sahəsində görüləcək işlər barədə müzakirələr aparılıb. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev  xidmətin  fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və cəza çəkən əcnəbi vətəndaşlara olan münasibət barədə məlumat verib.  Qeyd olunub ki, hər iki ölkə məhkumların vətəndaşı olduqları ölkəyə verilməsi ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuş, eyni zamanda iki ölkə arasında analoji saziş də mövcuddur. Qeyd olunub ki, Penitensiar xidmətin tabeliyindəki qurumlarda 200 nəfərədək İran İslam Respublikasının vətəndaşı olan təqsirləndirilən şəxs və məhkum saxlanılır. Hal-hazırda bir qrup məhkumun İİR-na təhvil verilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü bildirildi. Eyni zamanda məhkum edilmiş şəxslərin öz ölkələrinə verilmələri sahəsində işlərin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılmış və ortaya çıxan problemlərin operativ müzakirəsi məqsədilə mütəmadi olaraq görüşlərin keçirilməsi məqsədəmüvafiq hesab olunub.  İran İslam Respublikasının səfiri cənab Mohsen Pokain Azərbaycanın cəzaçəkmə müəssisələrindəki İran vətəndaşlarının saxlanma şəraitindən, eləcə də onlarla mütəmadi görüş üçün səfirlik əməkdaşlarına yaradılmış şəraitdən məmnun olduqlarını ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31