Bakıda piyadanı öldürüb qaçan avtobus sürücüsü tutulub
21 Fevral 2013 12:02 KriminalBaş Prokurorluq Bakıda sərnişin avtobusunun piyadanı vurması barədə məlumat yayıb. "OLAYLAR"ın baş Prokurorluğa istinadən yaydığı məlumata görə, paytaxtın Yasamal rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozmaqla bir nəfər piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmiş və hadisə yerindən qaçmış sürücünün cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
İstintaqla müəyyən edilib ki, fevralın 17-də saat 11:40 radələrində Mirsultanov Mirəli Mirnicat oğlu idarə etdiyi "İsuzu Ecobus" markalı 10-TG-022 dövlət qeydiyyat nişanlı avtomobillə M.Xiyabani küçəsində hərəkətdə olarkən yolu keçən piyada 1967-ci il təvəllüdlü Quliyeva Şəhla İbrahim qızını vurmuş və hadisə yerindən qaçmışdır. Zərərçəkmiş Ş.Quliyeva aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş, hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Mirəli Mirsultanov tutularaq istintaqa cəlb olunub və ona qeyd olunan maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.