Yük maşını çırpılan “Mercedes” mağazaya girdi

Yük maşınında olan çınqıl yola dağılıb

Gecə Bakının Yasamal rayonu ərazisində Azərbaycan prospektində yük maşının aşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə, Məmmədov Tural Əli oğlunun idarə etdiyi ağır tonnajlı yük maşınının idarəetməsinin itirilməsi nəticəsində meydana gəlib. Hadisə zamanı "Şakman" markalı yük maşını yol kənarında park edilmiş "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Toqquşmadan sonra yük maşını səkilərə dəyərək aşıb. Sürücünün sözlərinə görə qəza avtomaşında yaranmış nasazlıq nəticəsində baş verib.

Qeyd edək ki, qəza zamanı yük maşını çınqıl daşlarla yüklü olub. Maşının aşması nəticəsində həmin daşlar əraziyə dağılıb.

Zərbənin gücündən minik avtomobili dayandığı yerdən bir neçə metr irəli sıçrayıb və ərazidə olan mağazlardan birinə çırpılıb. Hadisə zamanı yük maşının sürücüsü yüngül bədən xəsarətləri alıb. Ona hadisə yerinə çağırılmış təcili yardım briqadasının həkimləri yardım göstəriblər

Faktla bağlı Bakı şəhər dövlət yol polisi idarəsində araşdırmalara başlanılıb. Hadisənin dəqiq baş vermə səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31