Bakıdakı restoranda musiqiçinin tərsliyi qan saldı

Bakıda yerləşən kafedə baş vermiş qanlı olayın təfərrüatları məlum olub. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, fevralın 13-də, saat 16 radələrində Şaiq Rəhimov qardaşı Şahin Rəhimov, digər yaxın qohum və dostları ilə birlikdə əvvəlcə Lökbatan qəsəbəsində yerləşən kafelərin birində, daha sonra Salyan dairəsi yaxınlığındakı "Dərya" kafesində yeyib-içəriblər. Ardınca, saat 22 radələrində  onlar içki məclisini "Dəniz" yeməkxanasında davam etdiriblər.
Həmin yeməkxanada Ş.Rəhimovun qohumu Nizami Əliyev oradakı musiqiçilərdən biri olan Ramiz Məmmədova rəqs havası ifa etməyi sifariş edib. Lakin musiqiçi bundan imtina etdiyindən Şaiq Rəhimov ona yaxınlaşaraq şillə vurub. Həmin vaxt yeməkxanada mühafizəçi işləyən Elmir Qarayev Şaiq Rəhimova yaxınlaşaraq onu həyətə çıxarıb və onlar arasında mübahisə baş verib.
Yaranmış mübahisə zamanı orada olan E.Qarayevin tanışı Nəbi Cəfərli Ş.Rəhimova irad bildirərək üzərində gəzdirdiyi bıçaqla onun sağ bud nahiyyəsindən xəsarət yetirib. Şaiq aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib, lakin o, kəskin qanitirmədən ölüb. Fakta görə Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb. Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Cəfərli tutularaq istintaqa cəlb olunub. Hazırda istintaq davam etdirilir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31