İran vətəndaşında metadon məhlulu və beşbarmaq aşkarlandı
13 Fevral 2013 17:03 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı Dadvand Meshgınshahr Alı Nemat oğlu ilə birlikdə piyada gələn Azərbaycan vətəndaşı Vüsalə Hacıyevanın əl çantasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı çantanın içindən - gömrük nəzarətinə düzgün bəyan olunmayan, 1 ədəd şüşə və 1 ədəd plastik qablarda olmaqla, cəmi 258 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb. Belə ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 258 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,258 qram təşkil edir.
V.Hacıyeva bildirib ki, ondan aşkar edilən maye halında maddə həyat yoldaşı Dadvand Meshgınshahr Alı Nemat oğlunun dərmanıdır və ona məxsusdur. Bundan sonra, həmin şəxsin üzərində şəxsi yoxlama aparılmış və bu zaman onun üzərindən - gömrük nəzarətinə bəyan olunmayan, kustar üsulla hazırlanmış vurucu-dağıdıcı xassəyə malik, soyuq silah hesab edilən beşbarmaq aşkar edilib.