Baş Prokurorluq Bakıda baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı
Cinayətin törədilməsində şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb olunub
13 Fevral 2013 14:18 KriminalBakıda baş verən ağır yol qəzası ilə bağlı Baş Prokurorluq məlumat yayıb. ANS PRESS-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, paytaxtın Nizami rayon ərazisində iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, fevralın 12-də saat 19:30 radələrində Bakı Metropoliteninin "Koroğlu" stansiyasının qarşısında 1992-ci il təvəllüdlü Abbasov Elçin Əfqan oğlu idarə etdiyi "Mercedes-180" markalı, 90 CV 823 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən yolu keçən piyadalar 1986-cı il təvəllüdlü Gülxar Ələmdar qızı Cavadova, onun bacısı, 1993-cü il təvəllüdlü Ramilə Ələmdar qızı Cavadova və sonuncunun qızı, 2008-ci il təvəllüdlü Gülçin Teymur qızı Məmmədovanı vurub.
Baş verən hadisə nəticəsində G.Cavadova və G.Məmmədova ölüb, digər zərərçəkən R.Cavadova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fakta görə Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb. Cinayətin törədilməsində şübhəli bilinən sürücü E.Abbasov tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.