2 nəfəri güllələyənə 12 il cəza
30 May 2012 18:36 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində odlu silahla bir nəfəri qətlə yetirməkdə, bir nəfəri isə ağır yaralamaqda təqsirləndirilən Rahib Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rahib Rəsulov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il noyabrın 21-də saat 13.30 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi R. İmanov küçəsi, ev 24-ün qarşısında Maştağa qəsəbə sakini Raci Zəkiyevin idarə etdiyi "Nissan Teana" markalı avtomaşının qarşısı "Mercedes" markalı avtomaşınla kəsilib, həmin maşından düşən naməlum şəxs odlu silahdan atəş açaraq Raci Zəkiyevə xəsarət yetirib, sərnişini, Maştağa qəsəbə sakini Hikmət Babayevi isə qətlə yetirib.
Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü, Buzovna qəsəbə sakini Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilib. Onu da qeyd edək ki, Rahib Rəsulov cinayət hadisəsini törədənə qədər Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyində (İB) traktorçu işləyib.