Bakının orta məktəbində qəribə cinayət törədildi
Naməlum şəxslər məktəb direktorunun otağına basqın ediblər
11 Fevral 2013 13:22 KriminalBakının Nizami rayonunda yerləşən orta məktəbdə qəribə cinayət baş verib. Hadisə şahidlərinin milli.az-a verdiyi məlumata görə, iki gün əvvəl naməlum şəxslər 251 saylı məktəbə soxulublar. Məktəbə bu il direktor təyin olunmuş Nurqələm Bayramovanın iş otağının pəncərəsini sındırıb, içəri daxil olub, otaqdakı müxtəlif avadanlıqları, o cümlədən direktora məxsus əşyaları, kompüterləri, yeni quraşdırılmış, bütün məktəbi, hətta oğlanların tualetini də nəzarətdə saxlayan kameraların direktorun otağında quraşdırılmış modemini sındırıblar. Direktorun stolunun üstünə bir qayçı və bir bıçaq qoyaraq çıxıb gediblər.
Direktor N.Bayramova açıqlamasında faktı təsdiqləyərək bildirib ki, naməlum şəxslər bir neçə gün əvvəl məktəbdə şüşəni sındıraraq onun otağına giriblər. Direktorun sözlərinə görə, məktəbə soxulanlar yeni quraşdırılmış kameranı hədəf seçiblər. Kameranın blok sistemlərini oğurlayıblar, eyni zamanda iş stolunun üstünə qayçı qoyaraq gediblər. N.Bayramova iddia edir ki, baş vermiş hadisə məktəbə quraşdırılan kamera sistemində maraqlı şəxslərdir: "Məktəbə kamera bir neçə gün əvvəl quraşdırılıb. Bu hadisədən iki gün əvvəl isə kameranın xətlərini kəsmişdilər. Görünür, əsas hədəf də məhz kameradır. Bu daxildən də ola bilər, xaricdən də. Müəllim və ya şagirdin də etməsi istisna deyil".
Direktor əlavə edib ki, məsələ ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib. Hazırda araşdırma aparılır.