Sumqayıt Apellyasiya Məhkəməsində rüsvayçı qanunsuzluq

Hakim Həmid Həmidov qanuni qüvvəyə minmiş qərardan apellyasiya qəbul edib

Azərbaycan məhkəmə tarixində daha bir biabırçı hadisə baş verib. Sumqayıt Apellyasiya Məhkəməsi məhkəmə tarixində görünməmiş özbaşınalıq edib. Bu barədə "OLAYLAR"a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Miqrasiya Təşkilatına Türkiyə vətəndaşı Güney Durmuş adlı şəxs müraciət edib. Bildirib ki, o Azərbaycanda fəaliyyət göstərən "Renat"MMC-də uzun müddət müqavilə əsasında işləyib. Ayda 1400 manata işləyən Güney Durmuşun işəgötürənlə əmək müqaviləsi də olub. Sonuncu bir ilin əmək haqqını ala bilməyən Güney Durmuş bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb ki, şirkətin ona 16 min 800 manat əmək haqqı borcu qalıb: "Bununla bağlı biz Sumqayıt şəhər Məhkəməsinə müraciət etdik. 2012-ci il oktyabrın 9-da Sumqayıt şəhər Məhkəməsi qərardad çıxardı və iddianı təmin etdi. Qərardada görə, cavabdehdən 16 min 800 manat əmək haqqı borcu və 3 min 500 manat cərimə tutulması göstərilib. Prosesual müddət bitdi və əks tərəf qərardaddan apellyasiya şikayəti vermədi və qərar qanuni qüvvəyə minmiş hesab edildi. Məhkəmə icraçıları da qərardadın icraya yönəldilməsi barədə qərar qəbul etdilər və bu barədə cavabdehə məlumat göndərdi. Bu prosesdən 3-4 ay keçəndən sonra cavabdeh şirkət Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Əslində şikayət birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, birinci instansiya məhkəməsinə təqdim olunmalı idi. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidov isə heç bir əsas olmadan və məhkəmə qərarını görmədən apellyasiya şikayətini qəbul edib. Əslində apellyasiya şikayəti Sumqayıt şəhər Məhkəməsinə təqdim edilməli, məhkəmə də apellyasiya qaydasında şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməli idi. Hətta şikayətçi şikayəti Həmid Həmidova təqdim etsə belə, hakim həmin şikayəti Sumqayıt şəhər Məhkəməsinə göndərib oradan qərardadla birlikdə şikayəti almalı idi. Amma Həmid Həmidov heç bir hərəkət etmədən şikayəti qanunsuz qəbul edib və məhkəmə prosesinin vaxtını da təyin edib. İş Sumqayıt şəhər Məhkəməsində qaldığı halda, Həmid Həmidov  işi görmədən məhkəmə təyin edib. Hakimin bu özbaşınalığı heç bir həqiqətə sığmır. Bütün bunlar azmış kimi, Həmid Həmidov nə bizə, nə də şikayətçi tərəfə apellyasiya şikayətinin surətini də göndərməyib".

Sahib Məmmədov bildirib ki, hakimi  qanunsuzluğu barədə onlar Məhkəmə Hüquq Şurasına müraciət edəcək və Həmid Həmidov barədə ölçü götürülməsini tələb edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31