Şəki Kollecinin rüşvətxor şöbə müdirinə hökm oxundu
6 Fevral 2013 17:55 KriminalŞəki Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən, Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinən Nəriman Səmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Qəbələ rayon sakini Məcid Həmidovun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədov tərəfindən ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.
Müəyyən edilib ki, Nəriman Səmədov 2012-ci ilin aprelində kollecin məzunu Aslanlının həmin təhsil müəssisəni bitirməsinə dair diplomun verilməsinə görə qayınatası Həmidovdan 500 manat pul tələb edib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səmədov iyunun 28-də xidməti otağında tələb etdiyi pulun müqabilində 400 manatı vətəndaşdan rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Həmin pullar hadisə şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.