Partlayış BTC-də deyil, Bakı-Tiflis-Ərzurum qaz kəmərində baş verib
30 May 2012 12:07 KriminalTürkiyədə partlayışın Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərində yox, Bakı-Tiflis-Ərzurum qaz kəmərində baş verdiyi məlum olub. Lent.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Qarsın Sarıkamış kənd icra nümayəndəsi Erdoğan Turan Ermiş məlumat verib. Erdoğan Turan Ermiş deyib ki, onlara ilk öncə BTC-də partlayış baş verdiyi barədə məlumat gəlib və onlar da bununla bağlı məlumat yayıblar: "Ancaq sonra partlayışın Bakı-Tiflis-Ərzurum qaz kəmərində olduğu müəyyənləşdi. Bu, BOTAŞ şirkətinin nəzarətində olan ayrı bir xətdir. Hazırda kəmərdəki yanğın nəzarət altına alınıb".Türkiyə mətbuatının yazdığına görə, partlayışdan sonra alovlar 100 metr hündürlüyə qədər yüksəlib. Qaz kəmərinin terrorçular tərəfindən partladıldığı istisna edilmir. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev də Lent.az-a açıqlamasında Türkiyə mətbuatının öncə səhv məlumat yaydığını bildirib: "Partlayış Bakı-Tiflis-Ərzurum qaz kəmərində baş verib. Kəmərin bu hissəsi Türkiyə şirkətinin nəzarətindədir. Partlayışdan sonra kəmərlə qaz nəqli dayandırılıb".