“Qızım intihar etməyib, öldürülüb” - İDDİA

Ötən ay Xırdalan şəhərində 22 yaşlı Ləman Cəfərovanın özünü asaraq intihar etdiyi barədə xəbər yaymışdıq. Məlumatda qeyd olunurdu ki, bir neçə ayın gəlini olan 1990-cı il təvəllüdlü Ləman Cəfərova özünü asıb. Onun meyidi evdə ailə üzvləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Bu gün isə "Qafqazinfo"ya Ləman Cəfərovanın anası Roza Əkbərova zəng vuraraq qızının intihar etmədiyini, öldürüldüyünü iddia edib: "Ləmanın 23 yaşı var idi, 4 ildir ailəli idi. Bir qızı var idi. Özü də ali təhsilli idi. Ölümündən 2 gün sonra övladının ad günü olacaqdı. Hər bir hazırlığı görmüşdü. Gecə bizə zəng vurdular ki, Ləman özünü asıb. Amma qızımı asılı vəziyyətdə nə qayınatası, nə də polis görməyib: "Bu, qızımın həyat yoldaşı, qaynanası, qayını, qaynının yoldaşının birlikdə törətdiyi cinayətdir. Qızım öləndən 4 saat sonra qaynanası bizə xəbər verib. Meyit üzərində də heç bir zorakılıq izləri yox idi, sadəcə boğazındanın altında sanki nazik bir cızıq var idi".
Qızının əri və ailəsi tərəfindən qətlə yetirildiyini iddia edən ana Roza Ələkbərova bildirib ki, qızının ailəsində hansısa münaqişələrin olub-olmamasından xəbəri olmayıb: "Ləman ailəsindəki problemlərdən mənə danışmırdı. Ölüm xəbərini eşidəndə şokda olduğum üçün meyitin yarılmasına etiraz etdim. Elə qayınanasıgil də yarılmasını istəmirdilər. Orda bizə dedilər ki, narahat olmayın 1000 manat ekspertə, 300 manat da polisə vermişik, meyiti yarmayacaqlar. Ekspertin verdiyi rəyi də bizə göstərmirlər".
Şokdan yeni çıxdığını deyən ana qızının müəmmalı ölümü barəsində şübhəli olduğunu diqqətimizə çatdırıb: "İşə Abşeron rayon prokurorluğu baxır və belə görünür ki, onlar bitərəf yanaşırlar. 3-4 həftədir biz meyitin ekskumasiya olunması üçün şikayət ərizəsi vermişik, amma hələ də cavab yoxdur. Bizə deyirlər ki, sənədləşmə gedir. İşə baxan prokuror bizi qəbul etmir".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31