Narkotacir ər-arvadın cəzası ağırlaşdırılmadı
29 May 2012 18:56 KriminalŞirvan Apelyasiya Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Məzahir Əliyev və Xanım Əliyevanın cəzalarının ağırlaşdırılması ilə bağlı Baş Prokurorluğun apelyasiya protestinə baxılıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat veriblər. Hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Baş Prokurorluğun təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri də təmin edilməyib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq) və 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilənlər hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.Digər təqsirləndirilən Xanım Əliyeva 6 il 6 ay müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb.
Həmin hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.