Bələdiyyə sədrinin cəzası 1 il azaldıldı

Şirvan Apelyasiya Məhkəməsində dələduzluq və mənimsəmədə təqsirli bilinən Salyan rayonu Xıdırlı kənd bələdiyyəsinin sədri Aydın Tarverdiyevin apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib . Hakim Əhməd Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, Aydın Tarverdiyevin apelyasiya şikayəti qismən təmin edilib. Aydın Tarverdiyevin cəzasından 1 il çıxılıb və qəti olaraq  onun barəsində 9 il azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Tarverdiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Aydın Tarverdiyev Salyan rayonunun Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Yusif Cəfərovdan torpaq hərracı və müsabiqəsi keçirilmədən, sənədləri saxtalaşdırmaqla 9 hektar torpaq sahəsinin onun arvadı Leyla Cəfərovanın adına rəsmiləşdirməsinə görə 71 min manat məbləğində rüşvət alıb və tərtib etdiyi saxta sənədləri Yusif Cəfərova təqdim edərək 9 hektar torpaq sahəsini torpaq hərracları və müsabiqələri keçirilmədən ayrılmasına dair qanunsuz qərar qəbul edib.
Bundan başqa, Aydın Tarverdiyev Balakişi Cəbrayılovun adına olan Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsini təşkil edəcəyini vəd edərək, sonuncudan rüsum adı altında 1800 manat məbləğində pul alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31